Ramiz Yunus: Demokratiya ilə Avtokratiya savaşı yoxdur – bu sadəcə nağıldır (ВИДЕО)
Xəzər Universitetində “Elm və Sənət Məclisi”nin 82-ci məşğələsi keçirilib.
TodayPress xəbər verir ki, tanınmış politoloq Ramiz Yunus tədbirdə “Çoxqütblü dünya və Cənubi Qafqaz üçün perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.
O, bildirib ki, bu gün çoxqütüblü dünyanın formalaşması birbaşa beynəlxalq aləmdə baş verən bütün geosiyasi proseslərin necə inkişaf edəcəyindən asılıdır. Onun sözlərinə görə, söhbət xüsusilə Rusiya-Ukrayna müharibəsindən və Yaxın Şərqdəki qarşıdurmadan gedir:
«Rusiya-Ukrayna müharibəsi köhnə dünya nizamının tamamilə dağılması ilə nəticələndi. Bu həm də çoxlarının Üçüncü Dünya savaşının başlanması təhlükəsindən danışması üçün əsl katalizator oldu.
Gördüyümüz kimi 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrail dövlətinə etdiyi terror hücumundan sonra böyük dövlətlər də Yaxın Şərq regionunda sabitliyin pozulmasına səs vermiş oldu.
Biz sabitliyi pozan belə prosesləri bütün dünyada müşahidə edə bilərik. Bura Afrika və o cümlədən Qlobal Cənub adlanan bir çox ölkələr daxildir. Bəşəriyyət yenidən çoxqütüblü dünyaya doğru irəliləyir. ABŞ bu gün öz siyasi iradəsini göstərməsə, dünyada bu siyasi xaosu dayandırmaq mümkün olmayacaq».
Ramiz Yunus qeyd edib ki, birqütblü dünyaya qayıdış artıq mümkün deyil. 30 il biz bu dünyanı yaşamışıq. Nəticə görməmişik. Amerika isə hazırkı imkanlarına görə bunu idarə edə bilməz:
«Çünki burada Çin və digər ölkələrin maraqları var. Hamısı da öz payını götürmək istəyir. Bu baxımdan ikiqütblü dünya da mümkün deyil. O zaman SSRİ ABŞ ilə mübarizə aparanda ideologiya məsələsi var idi. Hazırda bu ideologiya savaşı da yoxdur. Kimlərsə «Burada demokratiya və avtokratiya savaşı gedir» deyib nağıl danışsa, onlar sadəcə demokratiya və avtokratiya ölkələri arasında iqtisadi əlaqələrə nəzər yetirsinlər. Sirr deyil ki, Avropadan Rusiya büdcəsinə indi də milyardlarla vəsait gedir».
Qarşılıqlı diskusiya şəklində davam edən tədbirdə, eyni zamanda, Xəzər Universiteti Avrasiya Akademiyasının yaradılmasına həsr olunan film nümayiş olunub.
Sonda məruzəçi Ramiz Yunusa Avrasiya Akademiyasının Mirzə Fətəli Axundzadə mükafatı təqdim olunub.
R.Yunus öz növbəsində məşğələnin təşkilinə və mükafata görə təşəkkürünü bildirib.
Qeyd edək ki, məşğələdə universitetin əməkdaşları, alim və mütəxəssislər iştirak ediblər.